Yuxarı
loading...
loading...

Şəhid ailələrinə ödəniləcək “qan pulu” ilə bağlı xoş xəbər

07.05.2018 11:12 Oxunma sayı: 1697


“Məsələ ilə əlaqədar proseslər uzağı 3 aya başa çatacaq…”

Aprelin 19-da prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda bildirilir ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir.

Fərmanda qeyd olunub ki, birdəfəlik ödəmə bu fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Artıq fərmanın verilməsindən 2 həftədən çox vaxt keçib. Bəs şəhid ailələri pullarını ala biliblərmi?

Əvvəla onu qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, fərmanın icrası ilə əlaqədar nazirlikdə komissiya yaradılıb. Komissiya aprelin 30-da ilk iclasını da keçirib. Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, sosial müdafiə əhəmiyyətli bu mühüm fərmanın yüksək səviyyədə icrası, xüsusilə də qeyd edilən birdəfəlik ödəmənin verilməsi prosesinin tam şəffaf, ümumən vətəndaş məmnunluğuna səbəb olacaq şəkildə həyata keçirilməsi bu gün qarşımızda duran əsas vəzifələrdəndir: “Nazirliyin əmri ilə yaradılan komissiya tərəfindən bu istiqamətdə tədbirlərin təşkili və həyata keçirilməsi təmin olunacaq. Komissiya birdəfəlik ödəmələrin şəffaf şəkildə verilməsinin təşkili mexanizmini bir ay müddətində müəyyən edəcək”.

Nazir qeyd edib ki, fərmanda nəzərdə tutulan şəxslərin ümumi siyahısının hazırlanması üçün aidiyyəti qurumlara müraciətin göndərilməsi ilə bağlı komissiya tərəfindən konkret müddətlər müəyyən edilib: “Eyni zamanda, birdəfəlik ödəmənin verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin ”Sosial ödənişlər” alt-sistemində “Birdəfəlik ödəmələr” bölməsi və müraciətlərin vahid elektron reyestri yaradılacaq. Hərbi qulluqçunun ad və soyadını, atasının adını daxil etməklə müvafiq siyahıda olub-olmamasını müəyyən etməyə imkan verən internet informasiya resursunun fəaliyyəti də təmin ediləcək”.

Bəs məsələ ilə bağlı şəhid ailələri nə deyirlər? “Yeni Müsavat”a danışan Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı bildirdi ki, hazırda sənədlərin hazırlanma prosesi gedir: “Sənədlər Sosial Müdafiə Fondunun rayon şöbələrinə təqdim olunur. Hələ ki, həm Müdafiə Nazirliyi, həm də Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən qeyd olunan tarixlər arasında şəhid olanların siyahısı hazırlanmalıdır. Siyahı hazır olduqdan sonra bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməlidir. Bütün bu mərhələlərdən sonra pulların verilməsinə başlanılacaq. Ümumilikdə isə qeyd etdiyimiz proseslər 3 ay müddətə başa gələcək. 3 aydan sonra yəqin ki, ailələrə həmin vəsaitlər təqdim ediləcək. Şəhid ailələrinin ümumi sayını bilməsəm də, məndəki məlumata görə, 198 şəhid Milli Qəhrəman ailəsindən təxminən 150 nəfəri bu günə qədər həmin vəsaiti ala bilməyib. Bu işi çox müsbət dəyərləndirirəm. Çünki o pullar ailələrə verilməli idi və onların haqqıdır. Cənab prezident tərəfindən bu cür fərmanın verilməsi isə o pulları mənimsəmək istəyən insanların da qarşısını alacaq. Çünki artıq fərmandan sonra həmin vəsaitlər birbaşa olaraq ailələrin bank hesabına köçürüləcək. Adına pul köçürülən ailələr də asanlıqla pulu hesabından çəkə biləcək. Daha arada vasitəçi insanlar olmayacaq. Bu isə xoşagəlməz halların qarşısının alınması üçün ideal variantdır. Ona görə də fərmanı çox yüksək qiymətləndirirəm”.

Uluxanlı bildirib ki, ailələr də vəziyyətdən razıdırlar: “Ailələr də öz razılıqlarını bildirirlər. 5 il öncə şəhid ailələri bizə müraciət edib, el arasında ”qan pulu” deyilən bu vəsaiti ala bilmədiklərini qeyd etmişdilər. Biz də müvafiq idarələrə müraciət etmişdik. Ancaq həmin idarələr bizə rədd cavabı vermişdilər. Bu fərmandan sonra isə artıq ailələr hər biri bizə müraciət edərək, hansı sənədləri toplamalı olduqlarını öyrənirlər. Biz də onlara lazımı qaydada yardımlar edirik. Şəhid ailələri sənədlərini toplayıb, Sosial Müdafiə Fondunun yerli şöbələrinə təqdim edirlər”.


loading...