Yuxarı
loading...
loading...

Formula 1-də Bakı bulvarı ərazisindən-Reportaj FOTOLAR

28.04.2018 17:06 Oxunma sayı: 2164


Formula 1 Azərbaycan Qran Prisində ikinci yarış günü başladı

Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi davam edir.

Yarışmanın ikinci yarış günündə Formula 2 sinfində birinci yarış artıq keçirilib. Gün ərzində Formula 1 pilotlarının üçüncü praktiki sessiyası olacaq.
Həmçinin Formula 1-də təsnifat mərhələsi keçiriləcək.

Burada təşkil edilən əyləncə proqramları ilə də məlumat topladıq.

Müşahidə etdik ki, Hilton otelinin yaxınlığında, Bulvar ərazisində maraqlı əyləncəli proqramlar, istirahət üçün yerlər təşkil olunub. Gün ərzində bu ərazidə quraşdırılan tribunada pilotların imza günləri təşkil olunur. İmza gününə yalnız yarış üçün bileti olanlar və media nümayəndələri qatıla bilirlər. Burada insanlar həmçinin pilotlarla foto da çəkdirmək şansına yiyələnirlər.

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar Bakıya çoxlu sayda turist gəlib. Onlara mədəniyyətimizi tanıtmaq üçün bulvar ərazisində xüsusi yer də hazırlanıb. Burada qədimi əşyalarımız, xalçamız, milli adət-ənənələrimiz barəsində xarici qonaqlara məlumat verilir. Öyrəndik ki, xaricilər daha çox xalça ilə maraqlanırlar.
Bundan əlavə bulvar ərazisində Hökumət evinin qarşısında milli çalarlarla bəzədilmiş xüsusi oturacaqlar da hazırlanıb ki, bura da xaricilərin marağındadır. Ərazidə həmçinin pilotların ayaq üstə fotoları, Formula 1 yarışlarının atributlarının satıldığı kösklər də quraşdırılıb.

Ərazi çox yüksək səviyyədə mühafizə olunur. Bura kənar şəxslərin daxil olması mümkün olmadığı kimi, izləyicilər də diqqətlə yoxlanıldıqdan sonra içəri buraxılır. 
Söhbət etdiyimiz xarici qonaqlar Bakıda təşkil olunan yarışlardan və əyləncə proqramlarından məmnun olduqlarını bildirdilər.

Məlumat üçün qeyd edək ki, Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Yarışlardan 10 komandadan 20 pilot iştirak edir. "Mercedes" komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışırlar. "Red Bull Racing" komandasında Daniel Rikkiardo, Maks Ferstappen, "Force India"da Esteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparırlar. Bundan başqa, "Toro Rosso"nun heyətində Brendon Hartli və Pyer Qasli, "Sauber"də Markus Eriksson, Şarl Lekler, "McLaren"də Fernando Alonso və Stoffel Vandorn yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.

Aprelin 29-da Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 


loading...