Yuxarı
loading...
loading...

Bakıda “Formula-1" başladı

27.04.2018 10:30 Oxunma sayı: 1518


Biletlərin 45 faizini xarici ölkə vətəndaşları alıb

Bu gün Azərbaycan paytaxtında “Formula-1" yarışları başlayır. Artıq ”Formula-1" Azərbaycan Qran-Prisində iştirak edəcək komandalar şəhərimizdədirlər. Aprelin 26-da onlar  tamamlama işlərini görüb, yarış gününə hazırlaşıblar. Bütün trek boyunca müvafiq işlər görülüb, son tamamlama işləri aparılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən musavat.com-a verilən məlumata görə, Filarmoniya, İçərişəhər və Bulvar tribunalarına, həmçinin Abşeron tribunasının “B” və “C” sektorlarına aid biletlərin hamısı satılıb. Qalan tribunalar üçün olan biletlərin də əksəri satılıb.

İndiyədək ümumilikdə 68 ölkədən bilet alınıb və bu biletlərin 45 %-i xarici ölkələrin payına düşür. İlk onluğa Rusiya, Monako, Böyük Britaniya, Ukrayna, Avstriya, Gürcüstan, Hollandiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatları daxildir.

Bu il FIA “Formula-2" Çempionatında 10 komanda yarışır. Hər komandada 2 pilot olmaqla ümumilikdə 20 pilot mübarizə aparır. Builki mövsüm 12 turdan ibarətdir. Hər tur bir Qran-Pri həftəsonunu əhatə edir və həmin həftəsonuda 2 yarış baş tutur.

Artıq FIA “Formula-2" Çempionatının ilk turu keçirilib. 6-8 aprel tarixlərində keçirilmiş ilk turun 1-ci yarışında ”Carlin" komandasının pilotu Lando Norris, 2-ci yarışında isə “Russian Time” komandasının pilotu Artem Markelov qələbə qazanıb. Hazırda xal cədvəlində ilk sırada 39 xalla Lando Norris yer alır. Onu 30 xalla Artem Markelov və 28 xalla “Carlin” komandasının pilotu Sergio Setta Camara izləyir. Növbəti tur 27-29 aprel tarixlərində Bakıda keçiriləcək.

F2 pilotları Bakı Şəhər Halqasını birinci yarışda 29, ikinci yarışda isə 21 dövrə vurmalıdırlar.  Aprelin 27-si, cümə günü saat 11:00-dan 11:45-dək sərbəst yürüşlər, saat 15:00-dan 15:30-dək sıralanma turu və saat 15:45-də mətbuat konfransı, 28-i, şənbə günü saat 12:00-da birinci yarış və saat 13:20-də mətbuat konfransı və 29-u, bazar günü saat 13:10-da ikinci yarış və 14:15-də sonuncu mətbuat konfransı baş tutacaq.

Xatırladaq ki, ötən il 23-25 iyun tarixlərində Bakıda baş tutmuş sonuncu “Formula-2" turunun ilk yarışında ”Pertamina Prema Theodore Racing" komandasının pilotu Charles Lecrerc, ikinci yarışında isə “BWT Arden2 komandasının pilotu Norman Nato qələbə qazanmışdı.

Pilotlar və komanda rəhbərləri 2018 "Formula-1" Azərbaycan Qran-Prisi haqqında fikirlərini bildiriblər. Onlardan bəzilərini təqdim edirik:

“Pirelli” Avtomobil yarışının rəhbəri Mario İzola bildirib ki, ötən illə müqayisədə bu il Azərbaycan Qran-Prisi iki ay tez keçiriləcəyinə görə yarışın fərqli hava şəraitində baş tutacağı gözlənilir:

“Keçən il Azərbaycanda təkər tərkibləri seçimində bir az mühafizəkar davranmışdıq. Yeni təkər reqlamentinin qəbul olunduğu il ”medium" təkərlərdən o qədər də istifadə olunmurdu. Bu il isə bolidlərin gücünü artıracaq təkər tərkibi hazırlamışıq.

Odur ki, builki yarışlarda hər üç tərkibdən istifadə olunacağını, Bəhreyn və Çində keçirilmiş son iki Qran-Pridə şahidi olduğumuz kimi bəzi yeni yarış strategiyalarının tətbiq olunacağını düşünürük".

“Mercedes” komandasının rəhbəri Toto Volff söyləyib ki, bu mövsüm qələbə uğrunda amansız mübarizə aparan 3 komanda var:

 “Bu mövsüm bu idman növünün ən güclü pilotlarının F1 tarixinin ən sürətli bolidlərində apardıqları mübarizəsinin şahidi oluruq. Bu mövsüm illər keçsə də, azarkeşlərin təbəssümlə xatırlayacaqları əfsanəvi F1 mövsümü olacaq.

Azarkeşlərlə yanaşı biz də olduqca həyəcanlıyıq. Ötən il Ferrari komandasına qarşı gərgin mübarizə apardıq. Bu il daha gərgin yarış gözləyirik. Red Bull və Ferrari komandaları bizə qalib gəlmək üçün bütün güclərini səfərbər edəcəklər.

Bu komandaların həm sürücüləri, həm də bolidləri yüksək səviyyəlidir. Heç də hamı belə bir mübarizənin lehinə deyil, ancaq komandamız belə gərgin yarışları sevir. Bakı yarışı haqqında proqnoz vermək çətindir. İlk dəfədir ki, Azərbaycan Qran-Prisi aprel ayına təsadüf edir. Hava şəraiti ötən illə müqayisədə fərqli olacaq.

Bakı treki sürücülərdən böyük cəsarət tələb edir. Ötən ilin podiumu, məsələn, gözlənilməz oldu. Şəhər treklərini də fərqləndirən cəhət də elə budur".

Red Bull komandasının pilotu Daniel Rikkardonun sözlərinə görə, Monako və Sinqapurdan fərqli olaraq Bakı trekində ötmə üçün daha çox imkan var:

 “Ən böyük çətinlik isə tormozlamaqdır. Əyləc nöqtələrinin sayı çoxdur, səhv etmək yolverilməzdir. Bakıda yarışmağın çətinliyi əyləc limitini tapmaqdır.

Ötən il Azərbaycan Qran-Prisində baş verənlər bir çoxları üçün ağlasığmaz idi. Keçən həftə Şanxayda olduğu kimi, komandanın möhtəşəm strategiyası var idi. Yarışın qalibi olacağım ağlıma belə gəlməzdi, amma rəqiblərimin hamısını ötüb keçirdim. Finiş xəttini keçəndə yarışı qələbə ilə başa vurmağıma inana bilmirdim. Gərgin, əyləncəli və unudulmaz bir yarış idi".

Lens Stroll, “Williams” komandasının pilotu:

“Bakı ilə bağlı gözəl xatirələrim var. Ötən il Formula-1 yarışlarında ilk dəfə Bakıda podium çıxdım, odur ki, onu heç vaxt unutmayacağam. Təkcə trek deyil, Bakı özü də gözəl şəhərdir. Bu trekdə yarışmaq olduqca maraqlıdır. Şəhər treki olduğu üçün divarlarla əhatələnib. Səhv etmək yolverilməzdir”.

Fernando Alonso, “McLaren” komandasının pilotu:

“Keçən il mövsümün ilk xalını məhz Azərbaycan Qran Prisində qazandıq. Bu həftəsonu da eyni nəticəni təkrarlayacağımızı gözləyirik. Bakı Şəhər Halqası F1 təqvimində yeni olmasına baxmayaraq, artıq F1 pilotları arasında öz rəğbətini qazanıb. Bu, mövsümün ən sürətli şəhər trekidir. Trekin uzunluğu həm bolidləri, həm də pilotları böyük sınağa çəkir. Hər yarış həftəsonundan əvvəl bolidlərimizi diqqətlə yoxlasaq da, Bakıda göstərəcəyimiz performansdan ciddi dəyişiklik gözləmirik. Buna baxmayaraq, bolid haqqında bilik bazamızı artırır və mümkün bütün xalları qazanmaq üçün performansımızı yüksəldəcəyik”.

“Vicey Malya” komandanın rəhbəri söyləyib ki, Azərbaycan Qran-Prisi xal qazanmağımız üçün olduqca əhəmiyyətlidir:

“Əlverişsiz şəraitə görə mövsümün ilk yarışlarında nəticə gözlədiyimiz kimi olmadı.  Bəhreyn və Çində birinci döngədə baş verən qəzalara görə rəqiblərimizdən geri qaldıq. Yarışın əvvəlində bu qədər mövqe itirirsinizsə, vəziyyəti öz xeyrinizə dəyişmək çətinləşir. 

Digər tərəfdən, Avstraliya Qran-Prisindən sonra bolidin performansını artırmışıq. Son iki yarışda nəticələrimizi yaxşılaşdırmışıq".

Qeyd edək ki, yarışı izləmək üçün akkreditasiyadan keçən jurnalistlər arasında “Yeni Müsavat” qəzetinin əməkdaşı da var. Yarış günlərində yenilikləri musavat.com saytından operativ qaydada izləyə bilərsiniz.


loading...