Yuxarı
loading...
loading...

Hindistan Azərbaycana 200 milyon dollar investisiya qoyub

13.03.2018 21:42 Oxunma sayı: 1486


Bakıda Hindistan-Azərbaycan biznes forumu keçirilib.

Forumun açılış mərasimində çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana iki ölkə arasında biznes əlaqələrinin çox yüksək səviyyədə inkişaf etdiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsinin hər iki tərəf üçün əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

AZPROMO direktoru Rüfət Məmmədov çıxışında bildirib ki, Hindistan və Azərbaycan arasında geniş ticarət və investisiya əlaqələri mövcuddur və Hindistan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir: "Azərbaycanda 15-ə yaxın Hindistan şirkəti fəaliyyət göstərir. Azərbaycan və Hindistan arasında ümumi ticarət dövriyyəsi yarım milyard ABŞ dollarına bərabərdir. Hindistan Azərbaycana 200 milyon dollardan çox investisiya yatırıb. Ölkəmizdə Hindistan iş adamlarının fəaliyyəti üçün yaxşı biznes şəraiti yaradılıb. İnanıram ki, bu gün imzalanacaq memorandum gələcəkdə Hindistan və Azərbaycan arasındakı ticarət və investisiya əlaqələrini inkişaf etdirəcək".

Forumda çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Forumun Azərbaycan-Hindistan arasındakı iqtisadi əlaqələrində yeni bir mərhələ olduğunu qeyd edib və bu gün açılışı olan "Hindistanın Ən yaxşıları-Eksklüziv Hindistan Məhsulları" sərgisinin Azərbaycan Hindistan iş adamları arasında əlaqələri daha da yaxşılaşdıracağını deyib.

Forumda PHD Ticarət və Sənaye Palatasının rəsmi nümayəndələri də çıxış edərək forumun əhəmiyyətindən söz açıblar.

Sonda Hindistan-Azərbaycan biznes forumu çərçivəsində PHD Ticarət və Sənaye Palatası (CCİ) və Azərbaycan İxracın və İnvestisiyalarının Təşviqi Fondu (AZPROMO), eləcə də PHD Ticarət və Sənaye Palatası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında ayrılıqda Anlaşma Memorandumu imzalanıb.


loading...