Yuxarı
loading...
loading...

Mübariz Mənsimovun zavodu antisanitar vəziyyət yaradıb - Nazirlikdən açıqlama

17.02.2018 13:37 Oxunma sayı: 1214


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Lənkəran, Astara və Masallı rayonlarında keçirilən növbəti monitorinq zamanı ekoloji tarazlığın pozulması halları qeydə alınıb.

ETSN-nin Ətraf Mühitin vəziyyəti haqqında aylıq bülletenində bildirildiyinə görə, Lənkəran şəhəri ərazisindən keçib, birbaşa Xəzər dənizinə tökülən və çirklənməyə məruz qalan axarlardan biri Girdəni kanalıdır. Kanalın sahilində yerləşən müxtəlif təyinatlı müəssisələrdə formalaşan tullantı suları birbaşa və ya müxtəlif yollarla təmizlənmədən və zərərsizləşdirilmədən Girdəni kanalına axıdılır.

"Lənkəran rayonu ərazisində yerləşən "Palsüd” zavodunun tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa relyefə axıdılması monitorinq zamanı müşahidə olunub. Müəssisədən tullantı sularının axıdıldığı ərazi süni gölməçəyə çevrilib və ətrafda antisanitar vəziyyət yaranıb. Bundan başqa, rayonun Sütəmurdov kəndi ərazisində yerləşən "PALMALİFE” Lənkəran Resort Otel və İstirahət mərkəzində də eyni vəziyyət mövcuddur. Lənkəran rayonunda növbəti ekoloji pozuntu halı Səhiyyə Nazirliyinin regional müəssisəsi olan - Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. Diaqnostika mərkəzində formalaşan tullantı suları məhəllədaxili kanalizasiya xətti vasitəsilə quyu tipli nasosxanaya axıdılır. Daha sonra tullantı suları nasoslar vasitəsi ilə təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa T. İsmayılov küçəsindən keçən kanalizasiya xəttinə nəql olunur. Qeyd etmək lazımdır ki, Lənkəran rayonunda Bioloji Təmizləyici Qurğunun (BTQ) tikintisinin başa çatmaması ilə əlaqədar olaraq, formalaşan tullantı suları köhnə xətt vasitəsi ilə təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılır”, - deyə bülletendə bildirilir.

Astara rayonunda keçirilən monitorinq zamanı 3-ü təbii axar (çaylar), 3-ü isə mövsümi xarakter daşıyan drenaj kanalı olmaqla, çirklənməyə məruz qalan 6 axarın Xəzər dənizinə töküldüyü müəyyənləşdirilib: "Qeyd olunan həmin təbii axarların sahili boyunca yerləşən yaşayış massivlərində və şəhərdə formalaşan tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa həmin təbii axarların çirkləndirilməsi ilə yanaşı, Xəzər dənizinin ekosisteminə də mənfi təsir göstərir. Masallı rayonunda keçirilmiş monitorinq zamanı məlum olub ki, rayon ərazisində formalaşan tullantı sularının təmizlənməsi üçün qurğu mövcud deyil. Bu səbəbdən də Masallı şəhərində formalaşan tullantı suları Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi məsələ ilə bağlı təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Viləşçaya axıdılır”.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi monitorinq zamanı aşkarlanan nöqsanların aradan qaldırılması barəsində proqnozlar və təkliflərini də açıqlayıb. İdarə bildirir ki, Lənkəran, Masallı və Astara rayonlarında formalaşan tullantı sularının birbaşa, yaxud da kanallar vasitəsilə təmizlənmədən və zərərsizləşdirilmədən axarlara, həmçinin Xəzər dənizinə axıdılmasının qarşısı alınmazsa dənizdə çirklənmənin artmasına gətirib çıxara bilər: "Lənkəran, Masallı və Astara rayonlarındakı xəstəxanalarda formalaşan tibbi tullantılar düzgün utilizasiya olunmalı və aidiyyəti qurumlar tərəfindən buna nəzarət edilməlidir”.

Qeyd edək ki, "Palsüd” zavodu "Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimova məxsusdur.


loading...