Yuxarı
loading...
loading...

81 yaşlı atasını yandıraraq öldürənə 19 İL HƏBS verildi

21.11.2017 14:23 Oxunma sayı: 1248


81 yaşlı atasını amansızlıqla öldürməkdə təqsirləndirilən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, İlyas Mehdiyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında İlyas Mehdiyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, hadisə bu il yanvarın 31-də baş verib. Ata ilə oğul arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb. İlyas Mehdiyev atasından evi satmasını tələb edib. Uzun müddət davam edən mübahisə sonda dəhşətli cinayətlə nəticələnib. Atasının razılığını ala bilməyən İlyas Mehdiyev onu öldürmək qərarına gəlib.

Hadisə baş verən gün İ.Mehdiyev öz maşını ilə evə gələndə qapı bağlı olub. O bilib ki, atası evdədir və yatır. Oğul daha sonra maşınından butulkada benzin götürərək evə gəlib. Qapını növbəti dəfə döyəndə atası açıb. Eyni mövzu üstündə tərəflər arasında bir daha mübahisə başlayıb. İ.Mehdiyev butulkada olan benzini atasının üstünə tökərək onu yandırıb. Sonra benzinin qalan hissəsini evə tökərək od vurub və oranı tərk edib.

İlyas Mehdiyev Cinayət Məcəlləsinin 120.2.2. (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla) və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirli bilinir.


loading...