Yuxarı
loading...
loading...

Həkim tapmayan ata xəstəxananın ALTINI ÜSTÜNƏ ÇEVİRDİ: "Tibb bacısını hamama salıb..." - VİDEO

20.09.2017 14:55 Oxunma sayı: 1408


Bakıda poliklinikada xəstə uşağa tibbi yardım göstərməyə həkim tapılmadı.

Hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 7 saylı birləşmiş şəhər xəstəxanasının poliklinikasında baş verib.

Bu barədə uşağın atası Tural Yasinov məlumat verib. Belə ki, həkimlərin laqeydliyini görən ata baş verənləri mobil telefonuna çəkərək yayımlayıb və qəzəbini dilə gətirib.

"40 dərəcə temperaturu olan uşağı axşam saat 6-da Maştağada 7 nömrəli xəstəxanaya aparmışıq. Bu boyda xəstəxanada heç bir həkim yoxdur. Ancaq tibb bacısı var. Uşaq az qala qızdırmadan öləcək, amma ona baxacaq bir növbətçi həkim tapılmır. Baş həkimə də zəng çatmır. Məcbur qalıb Əmircandakı 8 nömrəli xəstəxanaya apardıq. Xahiş edirəm, Səhiyyə Nazirliyi bu məsələyə ciddi yanaşsın. Dövlətin xəstəxanasında həkim tapılmır. Uşaq orada ölsə, kim cavabdeh olacaqdı?"

Məsələ ilə bağlı sözügedən Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 7 saylı birləşmiş şəhər xəstəxanasının poliklinikası ilə əlaqə saxladıq. Poliklikadan bizə verilən məlumata görə, hadisə zamanı xəstəxanada həkim olub:

"Hadisə baş verən zaman poliklinikada həkim olub. Bizim hər gün üçün növbətçi həkimlərimiz var. Biz həmin həkimin ad və soyadını sizə verə bilmərik, mümkünsə siz baş həkim Gülarə xanımla əlaqə saxlayın".

Poliklinikanın baş həkimi Gülarə Nəcəfova isə bəzi məqamların üstünü açıb. O, həmin şəxsin tibb bacılarına qarşı zorakılıq etdiyini, hamama salaraq qapısını bağladığını və nalayiq ifadələrlə kontingenti təhqir etdiyini bildirdi:

"Bəli, həmin şəxs uşağını gətirmişdi. Onun uşağına baxılıb, həmin şəxs də özünü çox kobud aparıb. Tibb bacısını itələyib, onu salıb hamama qapısını da arxadan bağlayıb. Deyir ki, mənə uşaq həkimi gətirin. Mən şöbə müdiriyəm, mənə zəng elədilər. İstədim vətəndaşı başa salım ki, bizim reanimatoloqlar sizə hər cür kömək edəcəklər, vətəndaş başladı məni nalayiq sözlərlə təhqir etməyə. Hətta utanıram o sözü təkrar dilimə gətirməyə. Mənə çox pis təsir elədi. Məni hədələdi ki, səni məhkəməyə verəcəm, mənə uşaq həkimi verin. Ona başa salmağa çalışdım ki, reanimatoloq, anestezioloq sizə köməklik edəcək, mənə deyir ki, o cərrahdır. Başlayıb haray-qışqırıq salmağa. Onu itələyir, bunu dağıdır. Poliklinikanın qapısını da qırıb. Götürüb qaynar xəttə zəng edib, polis çağırıb. Üstəgəl götürüb Daxili İşlər Nazirliyinə də yazıb. Polislər də çox gec gəldilər, biz izahatımızı verdik, onun etdikləri barədə polisə məlumat verdik. Mən özüm şəxsən Təcili Tibbi Yardım çağırtdırıb onun uşağını Əmircandakı 8 nömrəli xəstəxanaya apartdırmışam. Dünən axşam da, bu gün səhər də zəng edib uşağın səhhəti ilə maraqlanmışam. Səhhəti çox yaxşıdır hazırda. Uşağın o qədər ciddi bir problemi yox idi, xırda infeksiya idi, qızdırma vermişdi.

Hələ bu azmış kimi götürüb video da çəkib. Həkimlərimi, növbətçilərimi çəkib. Bütün kontingentim də yerində, işinin başında idi. Niyə özünün etdiyi haray-qışqırığı, tibb bacılarıma etdiyi zorakılığı, hamama salıb qapısını bağladığı məqamları da çəkməyib? Niyə xadiməni az qala pəncərədən atdığını da çəkməyib? Biz də həmin şəxs barəsində lazımi tədbir görəcəyik".


loading...