Yuxarı
loading...
loading...

“Bu kitabın məqsədi tarixə xidmətdir”

03.06.2016 15:46 Oxunma sayı: 3736


Turqut Ərin kitabı Türkiyədə üçüncü dəfə nəşr olundu

 

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Ərin “Azadlıqdan Tiranlığa” kitabının növbəti 3-cü çapı baş tutub. Kitabın növbəti sayı Ankarada çap olunub. Bu barədə bizə yazar-diplomatın özü məlumat verdi. Turqut bəy Azərbaycanda geniş rezonans doğurmuş kitabın növbəti dəfə çap olunmasının səbəbini kitaba olan tələbatla əlaqələndirir. 
 
Yazar deyir ki, Azərbaycanda yaşayan və xarici ölkələrdə, Rusiyada, Avropada və Türkiyədə yaşayan azərbaycanlılar arasında bu kitaba çox tələbat olub: “Tələbat çox idi, bu səbəbdən də nəşriyyat bəzi dəyişiklikləri nəzərə alaraq kitabı yenidən nəşr etdi. Eyni zamanda tanınmış yazar, jurnalist Qənimət Zahid bu kitaba ön söz yazıb. Bu kitab haqqında Azərbaycanda ictimai-siyasi xadimlərin, fikir adamlarının qənaətləri, fikirləri bu nəşrdə yerləşdirilib”. 
 
T.Ər deyir ki, üzərindən 20 ildən çox keçsə də, o dövrdə baş verən hadisələr hələ də Azərbaycanda aktualdır, müzakirələri davam edir: “Bu günlərdə də Azərbaycan mediasında o dövrdə baş verən tarixi hadisələr müzakirə olunur. Sizinlə görüşmədən öncə Milli İstiqlal Partiyasının sabiq sədri Etibar Məmmədov telefon zəngi etmişdi. Kitabda bir yerdə Moskvada keçirilən toplantıda Etibar Məmmədovun da iştirak etməsi ilə bağlı məlumat tərcümə xətası olaraq getmişdi. Amma kitabın nəşrində o yanlışlıq aradan qaldırılıb. 24saat.az saytı kitabın keçmiş nəşrində istifadə etdikləri üçün o məlumatı yayıb. Ancaq mən saytla danışıb o yanlışlığı düzəltdim, lakin bu dəfə Etibar Məmmədovun qohumunun sözügedən toplantıda iştirak etdiyi qeyd olunub, halbuki kitabda Quban Xəlilovun qohumunun iştirak etdiyi qeyd olunub. Artıq bu yanlışı da mən redaksiya ilə danışıb aradan qaldırmışam”. 
 
Turqut Ər deyir ki, bu kitabı yazmasının əsas məqsədi 1990-cı illərdə qardaş Azərbaycan xalqının yaşadığı və özünün birbaşa canlı şahidi olduğu mürəkkəb ictimai-siyasi prosesləri gün üzünə çıxarmaq, gələcək nəsillər üçün real tarixi ortaya qoymaq olub. 
Kitab işi Türkiyədə gəlirli olsa da, Turqut Ər bu kitaba görə heç bir qonorar almayıb. Kitabının 3 fərqli nəşriyyatda çap olunduğunu deyən yazarın sözlərinə görə, həmsöhbətimiz kitabın satışından bu günə qədər hətta bir lirə də pul almayıb.
 
 



loading...